2 Fevral - Azərbaycan Gəncləri Günündə Sumqayıt şəhərində 2025-ci il üçün “Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilib
Nazir Fərid Qayıbov “Gənclər Paytaxtı”nın rəmzi açarını Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova təqdim edib.

2 Fevral - Azərbaycan Gəncləri Günündə Sumqayıt şəhərində 2025-ci il üçün “Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilib.
Tədbirdən öncə Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, gül dəstələri qoyulub.
“Kimyaçı” Mədəniyyət Mərkəzində baş tutan tədbirdə əvvəlcə ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Dövlət Himni səsləndirilib.
Mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri, millət vəkili Şahin İsmayılov və Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış ediblər.
Nazir Fərid Qayıbov “Gənclər Paytaxtı”nın rəmzi açarını Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova təqdim edib.
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə mükafata layiq görülmüş gənclərə mükafatları təqdim edib. Sonra Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş olunub. Daha sonra “Gənclər Paytaxtı” Sumqayıtın loqosu və maskotu ictimaiyyətə təqdim olunub.
Sumqayıtlı gənc Vüqarə Əzizovanın çıxışından sonra Gənclər və İdman Nazirliyinin təsis etdiyi “İlin gənci” mükafatları gənclərə təqdim edilib. Həmçinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ötən il ərzində fərqlənən sumqayıtlı gəncləri fəxri fərmanla təltif edib.
Günün sonunda Sumqayıt şəhərində müğənnilər - Miri Yusif, Murad Arif, Mardan, Nigar Camal, Gülyaz və Gülyanaq, Çinarə Məlikzadənin ifasında konsert proqramı ilə davam edib. Tədbir atəşfəşanlıqla başa çatıb.